PSG Kapital səhm bazarı böhranını şərh edir

PSG Kapital səhm bazarı böhranını şərh edir

05.04.2018

Səhm böhranı

Ötən gün ABŞ səhm bazarı 1929-cu ildən bəri olan ən pis Aprel başlanğıcını etdi. S&P500 indeksi 2.2%-lik kəskin düşüş yaşadı. Qeyd etmək lazımdır ki, S&P500 indeksində buna bənzər 2.5%-lik kəskin düşüş 89 il əvvəl baş verib və bu düşüş həmin vaxt “Böyük Depressiya” dövrünün başlama siqnalı olmuşdu.

Kəskin düşüşün səbəbi əsasən iki faktorla əlaqələndirilir. Bunlardan birincisi, Çinin cavab tədbiri kimi qiymətləndirilən ticarət tarifləridi. Belə ki, Çin ABŞ prezidenti Trumpın dəmir və alüminium idxalı üzərinə qoyduğu idxal tariflərindən sonra 120 ABŞ məhsulu üzərinə ticarət tarifləri tətbiq etmək barəsində qərar qəbul edib. Belə bir addım iki ölkə arasında ticarət savaşlarının başlanması barəsində siqnal verdiyindən səhm bazarı kəskin itkilərə məruz qalıb. Əslində Çinin ABŞ-ın illik dəyəri 60 milyard olan idxal üzərindəki tarifləri qaldırmağına cavab tədbiri olaraq yalnız 3 milyard idxal dəyəri olan məhsullar üzərində tarifləri qaldırması və hələ  ABŞ-ın Çinə ən böyük ixracı olan soya üzərində tarifləri qaldırmaması onun danışıqlara getmə istəyini göstərir. Lakin ABŞ-ın güzəştə getməyəcəyi təqdirdə Çinin əlavə tədbirlər görəcəyi və həmin tədbirlərin dünya bazarlarında olan düşüşü təbii olaraq dərinləşdirəcəyi qaçınılmaz hal olacaq.

Bazarlardakı düşüşün digər bir səbəbi isə son dövrlərdə Amerikanın nəhəng korperasiyaları-Amazon və Facebookla bağlı yayılan neqativ xəbərlər və həmin xəbərlərin özünü xüsusi ilə də texnoloji səhmlərin qiymətlərində əks etdirməsi ilə izah olunur. Belə ki, prezident Donald Trumpın Amazon ilə bağlı olan neqativ açıqlamaları Amazon səhm qiymətlərini 5%-ə qədər aşağı salmışdı. Bu açıqlamaların məğzi isə Trumpın Amazonu Amerikan Mərkəzi Poçt Sistemindən istifadə etməsinə baxmayaraq bənzər bizneslə məşğul olan digər şirkətlərlə nisbətdə çox az vergi ödəyərək həmin şirkətləri bazardan çıxarmaqla günahlandırması ilə əlaqədar idi. Facebookla bağlı skandal isə şirkətin Trumpın politik seçki kompaniyasını aparan “Cambridge Analytica” şirkətinə 50 milyon insanın şəxsi informasiyalarını satmaqla günahlandırılması idi. Xəbərin ardından Apple və Tesla kimi böyük texnoloji şirkətlərin CEO-larının Facebooka qarşı olan tənqidləri səhm bazarında investorların dərin narahatlığına səbəb oldu. Ümumilikdə isə bazarda investorların bütünlükdə texnoloji səhm bazarından uzaqlaşmaq tendensiyası nəzərə çarpır. Bazarın digər böyük iştirakçısı olan Tesla barəsində iflas xəbərləri bu tendensiyanın hələ bir müddət davam edəcəyini işarə edir.

Səhm bazarındakı böhranın neqativ nəticələrinin istiqraz bazarına da sıçradığı görsənir. Belə ki, ABŞ-ın yüksək faizli istiqrazlarının kredit riskinin göstəricisi 2016-dan bəri olan ən yüksək həddinə çatmışdır. Xam neftin qiymətində olan 3.1%-lik düşüş isə neftə bağlanan borc kağızlarının qiymətlərində kəskin düşüşlərə səbəb olaraq günün ən böyük itkisini yaşayan qiymətli kağızlar olmuşdurlar. Digər tərəfdən isə maliyyə bazarlarında olan gərginlik daha etibarlı investisiya sayılan qızıla olan tələbatı artırdığından qızılın qiymətlərində artım müşahidə olunur.