Səhm Bazarı “Böhranı”

Səhm Bazarı “Böhranı”

07.02.2018

Keçən beş gün ərzində, Dow Jones sənaye indeksi tarixinin ən böyük günlük düşüşünü yaşayaraq gün ərzində 4.46%-dən artıq dəyər itirdi. Düşüş S&P500 indeksində 4.51%, Nasdaqda isə 3.87% idi.

Bazardakı qiymət dəyişkənliyi keçən aylarda öz tarixinin ən aşağı səviyyəsində olsa da, Cboe Dəyişkənlik İndeksi - VIX Index (adətən investor qorxusunun bir ölçüsü hesab olunur) keçən günlərdə 90%-dən çox artdı. Başqa sözlə, uzunmüddət gözlənilən fond bazarı düzəlişi –qiymətlərin əvvəlki səviyyədən ən az 10 faiz düşüşü-nəhayət ki, reallaşdı.

ABŞ-ın qalxan əmək haqqları əslində bu ölkənin səhm investorları üçün narahatlıq mənbəyidir. Bu proses adətən inflyasiyanı körükləyir və investorlarda FED-in uçot faizlərini artıracağı gözləntisini yaradır. Keçən ilkinə nisbətən 2.9% əmək haqqı artımı göstərən hesabat əmək bazarının getdikcə möhkəmləndiyini, bu isə öz növbəsində inflyasiyanın üfüqdə ola biləcəyini göstərir. İnflyasiyanın digər bir göstəricisi olan 10 illik Xəzinədarlıq istiqrazlarının faiz dərəcələrində olan artım isə 2014-dən bəri olan ən yüksək həddinə çatmışdır.

Əgər iqtisadiyyat böyüməyə və inflyasiya artmağa davam etsə FED faiz dərəcələrini artırmaqla iqtisadiyyatı tənzimləməyə çalışacaq. Artan faiz dərəcələri istiqrazların qiymətləri aşağı salmaqla bərabər səhm investorları üçün də narahatlıq mənbəyidir.

Keçən həftənin beşinci günündən başlıyan bu bazar tendensiyası yeni həftənin ilk günündən etibarən Asiya və Avropa bazarlarında da hiss olunmağa başladı. Neft qiymətləri aşağı düşdü. İnvestor optimizminin simboluna çevrilən Bitcoin isə Dekabr ayında 19000 dollardan ticarət olunmağına baxmayaraq 7000 dollara qədər düşdü.

Bütün bunlara baxmayaraq ümidverici məqamlar hələ də var. Dow Jones və S&P500 indeksləri dəyər itirmələrinə baxmayaraq, hələ də keçən ilki səviyyələrindən uyğun olaraq 20% və 15%  yüksəkdədirlər.  Nasdaq isə ilin əvvəlindəki səviyyəsindən 1% yüksəkdə qalmaqda davam edir.

Qeyd etmək vacibdir ki, səhm bazarında olan bu düşüşü ekspertlər uzun müddətdir ki, proqnozlaşdırırdılar. Bunun səbəbi isə sonuncu dünya iqtisadi böhranından sonra bazarın daimi yüksəlişdə olması idi. Ona görə də, dünya səhm bazarındakı dəyər itkiləri bəzi analitiklərə görə qlobal iqtisadi böhrandan xəbər verməkdən daha çox bazarın özünü tənzimləmə düzəlişi kimi şərh olunur.